Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
Bişkek şəhərində Qırğızıstanın əqli mülkiyyət sisteminin formalaşmasının 30 illiyi ilə əlaqədar “Əqli mülkiyyətin innnovasiya iqtisadiyyatının inkişafının səmərəli alətinə transformasiyası” mövzusunda Beynəlxalq forum keçirilib.
Tədbirdə Azərbaycan, Belarus, Çin, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, o cümlədən Ümümdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının nümayəndələri iştirak ediblər.
Forumda ölkəmizi Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gəray Dadaşov təmsil edib. Qırğızıstanın Prezident Administrasiyası, parlament, digər dövlət qurumları, Elmlər Akademiyası və geniş ictimaiyyətinin nümayəndələrinin də qatıldığı Forumun açılışında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov təbrik məktubu çatdırılıb.
Forum çərçivəsində ÜƏMT tərəfindən “Mərkəzi Asiya ölkələrində kommersiya sirri” mövzusunda regional seminar da təşkil olunub. Seminarda region ölkələrinin əqli mülkiyyət ofislərinin əməkdaşları tərəfindən müxtəlif təqdimatlar edilib. Azərbaycan nümayəndəsi öz çıxışında ölkəmizin kommersiya sirrinə dair hüquqi baza barədə məlumat verib.