Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin Nizamnaməsi və strukturu təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli Qərarı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin Nizamnaməsi və Strukturu təsdiq edilmişdir.
Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 aprel tarixli Fərmanı ilə yardılmışdır.
Mərkəzin yaradılmasında məqsəd elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak etməkdən ibarətdir. Qeyd edilən hədəflərə nail olmaq üçün Mərkəz ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasında, elm və sənayenin inteqrasiyasına və əqli fəaliyyətin təşviqi yolu ilə innovativ iqtisadiyyatın formalaşdırılmasına dəstək verilməsində iştirak edəcək. İnnovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsi üçün texnologiyaların transferi ilə məşğul olan digər dövlət orqanları (qurumları) ilə, eləcə də fiziki və hüquqi şəxslərlə əməkdaşlıq etmək Mərkəzin fəaliyyətində prioritet məsələlərdən biridir.
Yeni qurum elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılma potensialının ekspertizasının təşkilində dəstək verəcək. Eyni zamanda öz səlahiyyətlərinə uyğun olaraq elmi tədqiqat, ali təhsil müəssisələrini və digər aidiyyəti qurumları cəlb etməklə yüksək kommersiyalaşdırılma potensialı olan elmi tədqiqatların kommersiyalaşdırılması və transferi ilə bağlı məsləhətləşmələrin aparılmasına, informasiya dəstəyinin göstərilməsinə, elmi tədqiqat mühitinin yaradılması və kommersiyalaşdırma fəallığının artırılmasına köməklik göstərəcək. Əhalinin əqli mülkiyyət sahəsində maarifləndirilməsində və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak etmək, o cümlədən müəlliflərin, hüquq sahiblərinin, mütəxəssislərin, tələbələrin, tədqiqatçı alimlərin və digər maraqlı şəxslərin əqli mülkiyyət üzrə biliklərinin artırılması da Mərkəzin fəaliyyət istiqamətlərinə daxildir.
Mərkəzin fəaliyyəti Agentlik tərəfindən ayrılan vəsait və öz fəaliyyətindən əldə edəcəyi vəsait hesabına maliyyələşdiriləcəkdir.