Əqli Mülkiyyət Agentliyində BDU-nun magistrantları üçün dərslər keçirilir
Bakı Dövlət Universiteti (BDU) ilə Fransanın Lion-2 Universiteti arasında əldə olunmuş razılığa əsasən “Əqli mülkiyyət hüququ” ixtisası üzrə ikili magistr diplomu proqramı həyata keçirilir.
Əqli Mülkiyyət Agentliyi əvvəldən bu prosesdə aparıcı rol oynayıb. Cari ilin may ayından BDU-nun Hüquq fakültəsinin “Əqli mülkiyyət hüququ” ixtisası üzrə magistr proqramında təhsil alan magistrantların bəzi dərslərinin Agentlikdə keçirilməsinə başlanılıb. Dərslər Agentliyin maddi-texniki bazasından istifadə etməklə standartlara uyğun formada təşkil edilir.
“Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə tədris olunan bu dərslərin Agentlikdə keçirilməsi magistrantlara yeni bilik və bacarıqlar əldə etmək imkanı yaradır.
Təlim prosesi çərçivəsində magistrantlar Agentliyin strukturu, o cümlədən tabeliyində olan qurumlar - Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin iş fəaliyyəti ilə yaxından tanış olur, onları maraqlandıran sualları bu sahədə geniş təcrübəyə malik mütəxəssislərlə müzakirə edirlər.